19 sentyabr 2019-cu il tarixində Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının 2019-2020-ci dərs ili üzrə İdarəetmə şurasının ilk iclası keçirilib.
İclasda universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva, Mətbuat və ictimai işlər xidmətinin rəhbəri, TGT sədri Tamerlan Əkbərov, TGT-nin idarəetmə şurasının üzvləri və fəal gənclər iştirak edib. İclası giriş sözü ilə açan prorektor Aygün Quliyeva ilk öncə gəncləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.
A. Quliyeva bildirib ki, “Azərbaycan Kooperasiya Universitetinin tələbə gəncləri daim respublikada keçirilən tədbirlərdə, layihələrdə xüsusi aktivliklərinə görə seçiliblər. Tələbələrimizin bu yüksək fəallığı bizi çox sevindirir. İnanırıq ki, yeni gələn birinci kurs tələbələri də sizin sıralarınıza qoşularaq özlərini həm intellektual, həm də ictimai-siyasi fəallıq cəhətdən inkişaf etdirəcəklər”. Ölkəmizdə aparılan uğurlu Dövlət gənclər siyasətinə toxunan xanım prorektor qeyd etdi ki, “Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Qəbul edilən proqramlar isə, müasir, modern, yüksək intellektli Azərbaycan gəncinin formalaşmasına xidmət edir. Biz ümid edirik və əmin ki, bizim tələbələrimiz də məhz bu cür inkişaf edəcəklər”. Sonra Tamerlan Əkbərov ötən ildə AKU TGT-nin qazandığı uğurlardan və bu uğurların əldə olunmasında xüsusi xidmətləri olan üzvlərdən danışaraq onlara minnətdarlığını bildirdi. İclasda əsasən qarşıdakı ildə görüləcək işlərdən, layihə və planlardan danışıldı. Yeni dərs ili üzrə fəaliyyət planı müzakirələrdən sonra qəbul olunaraq universitet rəhbərliyinə təsdiqlənmək üçün təqdim olundu. Sonda tələbə gənclərin fikir və təklifləri dinlənildi