“Gənc Kooperatorların III Liderlik Məktəbi”nin açılış mərasimi

01 noyabr 2018-ci il tarixində “Premier Expo” Oteldə Azərbaycan Kooperasiya Universiteti və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənc Kooperatorların III Liderlik Məktəbi”nin açılış mərasimi və ilk təlimi keçirilib. 
Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva, Tədris İşləri üzrə prorektor Fikrət Quliyev, Universitetin Mətbuat Xidmətinin rəhbəri, TGT sədri Tamerlan Əkbərov, bir çox ali və orta ixtisas təhsil müəssisələrinin TGT-nın sədrləri, təlimçilər və fəal gənclər iştirak etmişlər. 
Tədbiri giriş sözü ilə açan Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva qonaqları və tədbir iştirakçılarını salamlayaraq layihənin məqsədi haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, 2 gün ərzində keçiriləcək Gənc Kooperatorların III Liderlik məktəbində müəyyən təlimçilərin iştirakı ilə gənclər arasında təbliğat işlərinin aparılması, liderlik duyğularının üzə çıxarılması nəzərdə tutulub.
Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov vurğuladı ki, hazırda ölkədə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət Gənclər Siyasəti mövcuddur ki, bu da gənc liderlərin yetişdirilməsi üçün maksimum münbit şəraitdir. Yaradılmış şəraitin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri sözün həqiqi mənasında, özlərini yüksək intellektual səviyyədə inkişaf etdirə bilirlər.
Daha sonra Azərbaycan Kooperasiya Universitetinin Tədris İşləri üzrə prorektoru Fikrət Quliyev, Bakı Slavyan Universitetinin TGT sədri Vaqif Yəhyalı, Bakı Biznes Universitetinin TGT sədri Cəbrail Qəmbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin TGT sədri İsa Adıgözəlov, Mədəniyyət və İncəsənət Universitetinin TGT sədri İnam Sadıqov, İslahat.az saytının redaktoru Rəşad Bayramov, Bakı Humanitar Kollecinin TGT sədri Şəfiqə Hənifəyeva və digər çıxışçılar qeyd etdilər ki, insanlıq tarixində liderliyin çox böyük rolu vardır. Güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Lakin liderlik keyfiyyətləri təkcə dövlət başçıları, siyasi xadimlər üçün yox, hər bir şəxsiyyət üçün vacibdir. Hər kəs işlədiyi yerdən asılı olmayaraq, liderlik keyfiyyətlərinə malik olmalı və bunun üçün öz üzərində daim çalışmalıdır. Hər bir müəssisənin, kollektivin, təşkilatın uğuru ona rəhbərlik edən şəxsin liderlik bacarığından çox asılıdır. “Gənc Kooperatoların III Liderlik Məktəbi” çərçivəsində də məhz liderlik bacarıqlarının gənclər arasında təsbit olunması nəzərdə tutulmuşdur.