Azərbaycan Kooperasiya Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib.

“Azərbaycan iqtisadiyyatı XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda keçirilən konfransdan öncə ali təhsil ocağının həyətində Ulu öndərin büstü ziyarət olunub. Konfrans iştirakçıları abidənin önünə tər güllər düzərək dahi şəxsiyyətə ehtiramlarını bildiriblər.

Azərbaycan Kooperasiya Universitetinin böyük iclas zalında öz işinə başlayan konfransı universitetin rektoru, Millət vəkili, professor Eldar Quliyev açıq elan edib. Rektor giriş nitqi ilə çıxış edərək, öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixində rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. Görkəmli dövlət xadimi Heydər Əliyevin böyük bir epoxanın yaradıcısı olduğunu deyən Eldar Quliyev Ulu öndərin bu yolda ardıcıl və məqsədli siyasət nümayiş etdirdiyini, cəmiyyətin hərtərəfli inkişafı sahəsində mühüm nailiyyətlərə imza atdığını deyib. O, Heydər Əliyev epoxasını şərtləndirən mühüm amillərdən söz açaraq, böyük dövlət xadiminin müstəqil dövlətçilik uğrunda apardığı mübarizə, azərbaycançılıq, böyük siyasi iradə kimi əsas prinsiplərin bu epoxada aparıcılıq təşkil etdiyini diqqətə çatdırıb.
Konfransda Nərimanov rayon Yeni Azərbaycan Partiyasının sədri, rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək Ümummilli lider Heydər Əliyev fenomeninin Azərbaycan xalqının dövlətçilik tarixində əbədi yer tutduğunu diqqətə çatdırıb. Bildirib ki, zamanın çətin sınaqlarından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin qurucusu olan Heydər Əliyevin əbədiyaşar ideyaları Azərbaycanın müasir ictimai-siyasi fikir tarixində özünəməxsus yer tutur.
Sonra əvvəlcədən qəbul olunmuş gündəlik üzrə plenar iclasın məruzələri dinlənilib. Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatimə Quliyeva, Dünya iqtisadiyyatı kafedrasının müdiri Gəncəli Gənciyev, İqtisadi nəzəriyyə kafedrasının müəllimi Günay Musayeva və Mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov müxtəlif mövzularda çıxış ediblər.