Azərbaycan Kooperasiya Universitetinin Ekspertiza və texnologiya fakültəsinin tələbələri fakültə dekanı Möhübbət Hüseynovun rəhbərliyi ilə Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olublar.

Dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən builki sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 20 faiz artıb. Artım iştirakçıların sayında da qeydə alınıb. “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər də yer alır. Bu il İtaliya, Türkiyə və Şri-Lanka sərgidə milli stendlərlə çıxış edirlər. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da iştirak edir.

Qeyd edək ki, tələbələr yaradılmış stendlərlə yaxından tanış olaraq ixtisas profillərinə uyğun əyani informasiyalar əldə ediblər.