Azərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilib. Universitetin mətbuat xidmətinin məlumatına görə, 21 fevral 2019-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi şurasının 2018/2019-cu tədris ilinin qış imtahan sessiyasının yekunları, yeni semestrin başlanması və qarşıda duran vəzifələr mövzusunda iclası keçirilmişdir. Şuraya sədrlik edən universitetin rektoru, Millət vəkili, professor Eldar Quliyev giriş nitqi ilə çıxış etdi. Natiq qeyd etdi ki, “Bu gün ölkəmizdə təhsil sahəsində atılan istənilən müasir addımı Azərbaycan Kooperasiya Universitetində də tətbiq etmək əsas məqsədlərimizdən biridir. Bu gün universitetimiz öz işini müasir dövrün beynəlxalq tələblərinə uyğun qurmaqdadır. Universitetdə tələbələrin hərtərəfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün şəraitin yaradılması fəaliyyətimizin prioritet istiqamətidir. Bu gün əminliklə deyə bilərik ki, universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, tələbələrin müasir texnoloji yeniliklərlə tədris planlarını mənimsəməsi şübhəsiz ki, təqdirə layiq haldır. Tələbələrimiz həm təhsilləri, həm də ictimai-siyasi fəallıqları ilə respublika əhəmiyyətli tədbirlərdə, bilik olimpiadalarında, forumlarda, seminarlarda, idman yarışlarında iştirak edirlər. Bu da onların universitetdə aldıqları təhsildən əlavə olaraq fərdi inkişafları üçün çox zəruridir”. Sonra isə 2018/2019-cu dərs ili qış imtahan sessiyasının yekunları və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi vəzifələri barədə universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev, 2018-ci ildə yerinə yetirilmiş elmi tədqiqat işləri barəsində Elmi işlər və innovasiya üzrə prorektor Bəyalı Ataşov məruzə ilə çıxış etdilər. Məruzədən sonra universitetin qiyabi şöbəsinin müdiri Xanoğlan Hüseynov qiyabi təhsildə tədrisin təşkil və laboratoriya-imtahan sessiyasının gedişi barəsində çıxış etdi. Sonda Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor E.Quliyev universitetin Mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərova il ərzində ictimai-siyasi fəaliyyətində fərqləndiyinə görə müxtəlif təşkilatlar tərəfindən verilən fəxri mükafatları təqdim etdi.