Azərbaycan Kooperasiya Universitetində 26 fevral - Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım mərasimi keçirilib
Azərbaycan Kooperasiya Universitetində 26 fevral – Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: “Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.” Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. XX əsrin ən amansız, xüsusi qəddarlıqla həyata keçirilmiş faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir”. F.Quliyev məlumat verdi ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi.Ermənistanın törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi hələ də beynəlxalq siyasi-hüquqi qiymət verilməyib. Tədbirdə universitetin Mühasibat uçotu və sənayenin təşkili fakültəsinin dekanı Nizami Qafarov, Əmtəəşünaslıq kafedrasının müdiri, professor Vilayət Əliyev, Mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov çıxış edərək bildirdilər ki, Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Vurğulandı ki, cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində erməni terrorçularının xalqımızın başına gətirdikləri məkrli əməllər dünya ictimaiyyətinin diqqətinə çatdırılır, bu faciənin layiqli hüquqi qiymətini tapması məqsədilə böyük işlər görülür. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası dünya ictimaiyyətinin faciə ilə bağlı məlumatlandırılmasında mühüm əhəmiyyət kəsb edir.