11 dekabr 2018-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində universitet rəhbərliyi, Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatı: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi konfransı keçirildi. Konfrans öz işinə Azərbaycan Respublikasının dövlət himnin səsləndirilməsindən sonra başladı. Giriş nitqi ilə universitetin rektoru, Millət vəkli, professor Eldar Quliyev çıxış edib. Rektor nitqinə başlamazdan öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi.
Eldar Quliyev geniş nitqlə çıxış edərək bildirdi ki, ” Hər bir xalqın, millətin xoşbəxtliyi, ilk növbədə, onun müstəqil və güclü dövlətə malik olması ilə müəyyən edilir. Dövlət müstəqilliyi hər şeydən əvvəl onu qazanmış xalqın özünütəsdiqi və milli özünüdərki üçün bir şansdır. Belə bir tarixi şansdan faydalanan və ondan səmərəli istifadə edən xalqlar həm milli inkişafa nail olur, həm də sahib olduqları dövlətin dayaqlarını möhkəmləndirə bilirlər.
Azərbaycanın müasir tarixində dövlətçiliyin qorunması ənənəsinin yaranması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heç şübhəsiz, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Bunu müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu da bir daha təsdiq edir. Bu müddət ərzində dövlətimizə və onun müstəqilliyinə qarşı qəsdlər olsa da, onların qarşısı qətiyyətlə alınmışdır.
Dövlət müstəqilliyi və siyasi azadlıq milli iqtisadiyyatın inkişafına şərait yaratdığı kimi, milli iqtisadiyyatın inkişafı və güclənməsi də dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirir. Əgər Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilməsəydi, nə neft strategiyasını, nə də təşəbbüskarı olduğumuz digər strateji və transmilli layihələri həyata keçirə bilərdik. Dövlət müstəqilliyinin gücləndirilməsi iqtisadiyyatımızın milli maraqlara uyğun inkişaf etdirilməsinə şərait yaratmışdır”.
Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə çıxış edərək bildirdi ki, ” Son 15 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. Bu müddət ərzində Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqda və iqtisadi sahədə müşahidə edilən mütərəqqi dəyişiklikləri özünün həyat səviyyəsində, rifahında hiss etməkdədirlər.
Hazırda islahatların texnologiyası da təkmilləşməkdədir. İqtisadi siyasətdə çevikliyin təmin edilməsi, struktur dəyişiklikləri ilə institusional islahatların paralel aparılması, konkret hədəflərə və maliyyə mənbəyinə əsaslanan proqramlı idarəetmə bunu bir daha təsdiq edir”.
Sonra konfrans əvvəlcədən qəbul olunmuş proqram üzrə davam etdirildi.
Beləki, Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Tələbə Elmi Cəmiyyətinin sədri Elvin Hüseynov, Azərbaycan Kooperasiya Universitetinin tələbələri, Arif Mustafayev, Elmir Pənahlı, Sumqayıt Dövlət Universitetinin tələbəsi Gülabə Məmmədova, Bakı Biznes Universitetinin tələbəsi Cəbrayıl Qəmbərov çıxış etdilər.
Plenar islasdan sonra konfrans öz işini bölmələrdə davam etdirdi.