Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrıma “Fəxri kooperator” döş nişanının və Azərbaycan Kooperasiya Universitetinin “Fəxri professoru” adı verildi

Azərbaycan Kooperasiya Universitetində Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının “Fəxri kooperator” döş nişanının və Azərbaycan Kooperasiya Universitetinin “Fəxri professoru” adının verilməsi ilə bağlı tədbir keçirilib.
Azərbaycan Milli Məclisinin deputatlarının, eləcə də qardaş ölkədən gələn Türkiyə Böyük Millət Məclisinin deputatlarının, Kooperasiya Universitetinin professor-müəllim heyətinin, tələbələrin iştirak etdiyi tədbirdə ilk olaraq Türkiyə Respublikasının və Azərbaycan Respublikasının prezidentlərinin çıxışlarından ibarət Türkiyə-Azərbaycan qardaşlığını əks etdirən video nümayiş olunub. Sonra Milli Məclisin deputatı, Azərbaycan – Türkiyə parlamentlərarası işçi qrupunun üzvü, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev qonaqları salamlayaraq bildirib ki, Azərbaycan–Türkiyə əlaqələri Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuliyə son səfəri çərçivəsində səsləndirilən fikirlər, həyata keçirilən böyük açılışlar, öncəki Şuşa səfərində imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.
Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı ənənələrə malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır.
Giriş nitqindən sonra Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru, professor Aygün Quliyeva Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının və Azərbaycan Kooperasiya Universitetinin Elmi Şurasının qərarlarını mərasim iştirakçılarının diqqətinə çatdırdı. “Fəxri kooperator” döş nişanını və “Fəxri professor” diplomunu Şamil Ayrıma rektor professor Eldar Quliyev təqdim etdi.
Beləliklə, təqdimatdan sonra mərasimdə iştirak edən Milli Məclisin deputatları, Azərbaycan -Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, Azərbaycan -Türkiyə parlamentlərarası işçi qrupunun üzvü, professor Eldar İbrahimov və Türkiyə Böyük Millət Məclisinin deputatları professor Yunus Kılıç, Yılmaz Tunç çıxış edərək öz təbriklərini çatdırdılar.
Sonda Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək göstərilən diqqətə və səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Türkiyəli parlamentari çıxışında bildirdi ki, Türkiyə ilə Azərbaycan əsrlər boyu adları daim yan-yana çəkilən iki qardaş ölkə olub. Bütün dünya üçün nümunə olan bu qardaşlıq hər iki dövlətin ən çətin günlərində özünü daha çox büruzə verib. Bu, türk və dünya tarixində ən qanlı müharibələrdən biri kimi iz qoyan Çanaqqala savaşında da, Azərbaycan tarixinə unudulmaz səhifə kimi həkk olunmuş Bakının erməni-bolşevik işğalından azad edilməsində də, dünya hərb tarixinə qızıl hərflərlə yazılan Azərbaycanın 44 günlük Vətən müharibəsində də belə olub.