Azərbaycan Kooperasiya Universitetində yuxarı sinif şagirdləri üçün “Bir gün tələbə olmaq fürsəti” adlı layihənin ikinci günü uğurla baş tutub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığı, Azərbaycan Kooperasiya Universiteti və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən layihədə məqsəd 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Tələbə və universitet həyatını şagirdlər üçün əyani təqdim edən layihənin ikinci günündə 370-ə yaxın, ümumilikdə 7 orta məktəbi əhatə edən şagirdlər iştirak edib.

Layihənin ikinci günündə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov, universitetin qonağı olan müəllimlər, fəal gənclər və şagirdlər çıxış ediblər. 
Çıxışlarda layihənin əhəmiyyəti xüsusi vurğulanıb. Eyni zamanda, bu layihənin orta məktəb şagirdləri üçün kifayət qədər yaddaqalan olduğu və davamlı keçirilməsinin zəruriliyi bildirilib. Ölkəmizdə təhsil sahəsində görülən işlərdən söhbət açan natiqlər Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətdən söz açıblar. Vurğulanıb ki, “Ölkə başçısı imzaladığı çoxsaylı mühüm fərman və sərəncamları, dövlət proqramları, öz diqqət və qayğısı ilə Azərbaycan elminin və təhsilinin əsas hamisi olduğunu praktik surətdə təsdiqləmişdir. Təhsil bilik, müasirlik, savad, dövlətin, milli şüurudur, millətin gələcəyidir. Bir sözlə, Prezident İlham Əliyev sosial-iqtisadi yüksəlişdə və dünyada söz, qüdrət sahibi olma hədəfinə çatmada zəruri amil kimi təhsilin ən müasir tələblər səviyyəsinə çatdırılmasını, keyfiyyətli tədrisə nail olmanı əsas təməl sayır. Məhz bu amilləri rəhbər tutaraq gəncliyimizi savadlı mütəxəssis kimi yetişdirməyi özümüzə borc bilməliyik və bu istiqamətdə işlərimizi qurmuşuq”.

Sonda layihə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı. Qeyd edək ki, layihənin artıq ikinci günü yekunlaşdı. Sabah isə sonuncu, bağlanış günü təşkil olunacaq.