Azərbaycan Kooperasiya Universitetində yuxarı sinif şagirdləri üçün “Bir gün tələbə olmaq fürsəti” adlı layihənin üçüncü, son günü baş tutub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığı, Azərbaycan Kooperasiya Universiteti və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən layihədə məqsəd 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Tələbə və universitet həyatını şagirdlər üçün əyani təqdim edən layihənin son günündə 6 orta məktəbi əhatə edən şagirdlər iştirak edib.

Layihənin üçüncü günündə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Ömərov, Universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov, universitetin qonağı olan müəllimlər, fəal gənclər və şagirdlər çıxış ediblər.

Sonda layihə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 
Qeyd edək ki, “Bir gün tələbə olmaq fürsəti” adlı layihə ümumilikdə 1000-ə yaxın şagirdi əhatə etdi. Üç gün davam edən layihə orta məktəb şagirdlərində böyük təəssürat yaratdı.